Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya səfər edib

13.04.2025 - 19:00

Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşmasının önəmindən, Kayseridə “Şuşa” Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, şəhərlər arasındakı əlaqələrin perspektivləri müzakirə olunub. Bununla yanaşı, tarixi Şuşa şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri haqqında məlumat verilib, qonaqlara şəhərin baş planı təqdim olunub.

Görüşdən sonra qonaqlar qədim Şuşa şəhərindəki dini, tarixi-memarlıq və mədəniyyət abidələrini ziyarət ediblər.

News