İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər

10.05.2024 - 13:10

10 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi. Bildirildi ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonra açarların təqdim edilməsi mərasimi oldu. Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim etdilər. Sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

News