“Şuşa günləri” davam edir
“Şuşa günləri”ndə iştirak edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və Qoruğun əməkdaşları bu gün Daşkənddə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə birgə şəhəri ziyarət ediblər. Şəhərlə tanışlıq zamanı əvvəlcə Heydər Əliyev Parkında onun büstü önünə gül dəstələri qoyulub. Sonra Ümummilli Liderin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkən görüş iştirakçıları Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
Səfir Hüseyn Quliyevlə görüşdə Özbəkistan-Azərbaycan əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb, dövlətlərimiz arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi diqqətə çatdırılıb. İki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələrindən danışan İcraçı direktor Tural Novruzov bildirib ki, qədim tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan, 28 ilə yaxın erməni işğalında qalan qədim Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində bu gün genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, bərpa-abadlıq, quruculuq işləri davam etdirilir.
Qardaşlıq təntənəsinə çevrilən “Şuşa günləri” xalqlarımız arasında dostluq, qardaşlıq ənənələrinin bundan sonra da inkişafına böyük töhfələr verəcəkdir.