Şuşa şəhərində növbəti 15 ailə mənzillə təmin olunub

30.05.2024 - 14:45

30 may 2024-cü il tarixində Şuşa şəhərində sakinlərə açarların təqdimetmə mərasimi keçirilib. Tədbirdə  Şuşa Rayonunda Azərbaycan Respublikasının Xüsusi Nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa Rayon Polis şöbəsinin rəisi, polis-polkovniki Səməd Məhərrəmov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, ANAMA-nın əməkdaşları və Şuşa şəhər sakinləri iştirak edib.

Şuşa şəhər sakinlərindən Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 15 ailədən ibarət 57 nəfər doğma yurduna qovuşub, mənzillərlə təmin olunub. Şuşa Rayonunda Azərbaycan Respublikasının Xüsusi Nümayəndəsi Aydın Kərimov Şuşa sakinlərinə mənzillərinin açarlarını təqdim edərək, onlara öz ata-baba ocağında, evlərində  xoşbəxt,  firavan yaşamalarını bildirib. ANAMA Xankəndi düşərgəsinin əməliyyat rəhbəri Vüsal Quliyev əhalini təhlükəsizlik tədbirləri barədə məlumatlandırıb.

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Şuşa sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Öz ata-baba yurdlarına qayıdan Şuşa sakinləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etdilər, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman,  igid əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər.

Beləliklə, Şuşa şəhərində 105 ailə - 406 nəfər mənzillə təmin edilib.

News