Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Novruz” bayramının sonuncusu və ən əsası sayılan torpaq çərşənbəsi Şuşa şəhərində böyük təntənə ilə qeyd edilib. Şuşa sakinləri torpağın və həyatın oyandığı “İlaxır” çərşənbəsini böyük ruh yüksəkliyi ilə tonqal ətrafında yığışaraq milli musiqi və rəqslərlə qeyd ediblər. “Novruz”un atributları hesab olunan Keçəl, Kosa və ”Bahar qızı”nın təqdim etdikləri maraqlı kompozisiyalar bayram əhval-ruhiyyəsini daha da rəngarəng edib.
Bayram tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.