Şuşada bağlanış mərasimi baş tutmuşdur

17.04.2025 - 17:00

Aprelin 17-də Şuşa şəhərində “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəniyyət Forumu keçirimişdir. Forumun açılış  mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmi şəxslər, beynəlxalq ekspertlər və eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Forumun əsas məqsədi postmünaqişə dövründə bölgələrdə viran edilmiş  və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsi olmuşdur.

Forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” və “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzularına  həsr olunmuş panel müzakirələri aparılıb.

Forumda çıxış edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov bildirib ki, Şuşada indiyədək 27-dən çox abidə bərpa olunub, bəzilərinin isə bərpa prosesi davam edir. Şuşa tarixi olaraq məhəllə sistemi üzrə təşkil olunmuşdu – burada 17 məhəllə mövcud idi. Hər məhəllənin də öz məscidi var idi. Şuşadakı məscidlərin bir çoxu dağıdılıb və onların  yerlərini müəyyənləşdirmək belə mümkün deyil. T.Novruzov   ərazidə skanlama və tədqiqat işlərinin aparıdığını,  bu işlərə həm yerli, həm də beynəlxalq mütəxəssislərin cəlb olunduğunu Forum iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki,  onlar hər ay əraziyə səfər edir və bərpa işləri ilə bağlı rəy bildirirlər. Hazırda onlar ICOMOS Azərbaycan ilə birgə bu bərpa prosesi ilə bağlı məlumat kitabçasının nəşri üzərində işləyirlər.

2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”  elan edilməsi və     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” haqqında 21 noyabr 2023-cü il tarixli Sərəncamına  uyğun olaraq ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda bir sıra yerli və beynəlxalq tədbirlər həyata keçirilmişdir.  

Forumdan sonra Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin bağlanış mərasimi keçirilmişdir. Mərasimdə rəsmi şəxslər, beynəlxalq ekspertlər, media nümayəndələri və   Şuşa sakinləri iştirak edib.

Tədbirin rəsmi hissəsində ilk olaraq ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikinin tədbir iştirakşılarına video müraciəti səslənib.   

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinə həsr edilmiş yerli və beynəlxalq tədbirlərdən danışaraq bildirdi ki, 2024-cü il ərzində 3 islam ölkəsində “Şuşa günləri” keçirilib, Şuşa şəhərində Aşağı Gövhər Ağa və Çöl qala məscidlərinin bərpadan sonra açılış mərasimləri olub.

 Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”  elan edilməsi qürurverici bir hissdir.

 Sonra   Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinə həsr edilmiş videoçarx nümayiş olunub.

Mədəniyyət və incəsənət ustalarının, Rəqs Ansamblının iştirakı ilə  təqdim edilən geniş konsert proqramı maraqla qarşılanıb.

News