Şuşada möhtəşəm “Novruz” şənlikləri təşkil edilib

19.03.2026 - 20:00

Azərbaycan xalqının tarixində, mədəniyyətində, adət-ənənələrində özünəməxsus yeri olan “Novruz” bayramı 19 mart tarixində Şuşa şəhərində yüksək təntənə ilə qeyd edilib. “Şuşa Baharı’  adlı   bayram tədbiri  Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil edilib.

Bayram tədbirlərində  Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət  nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təşkil edilən tədbirdə şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, şeirlər, musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

“Güllü bağ”da bayram yarmarkasında Şuşa sakinləri  tərəfindən   dadlı və ləzzətli təamlar, “Novruz “ şirniyyatları, əl işləri təqdim edilib.

“Şuşa Baharı’  adlı konsert proqramında istedadlı Şuşa sakinlərinin,  məktəblilərin ifasında mahnı və rəqslər hər kəsin marağına səbəb olub. 

Respublikanın Xalq artisti Nazpəri Dostəliyevanın və müğənnilər Azad Şabanovun, Namiq Qasımovun və Şuşa şəhər sakinlərinin ifaları böyük rəğbətlə qarşılanıb.

News