Türk dünyası ölkələrinin memarları tarixi Şuşada toplaşıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Türk dünyası memarlarının Şuşa simpoziumu” 24 noyabr tarixindən etibarən Şuşa şəhərində öz işinə başlayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və digər rəsmilər iştirak edirilər.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memarın bir araya toplanmasında əsas məqsəd Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpa və konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında təqdimat və çıxışların edilməsi, eyni zamanda, fikir mübadilərlərinin aparılmasıdır.
Tədbirin rəsmi açılış mərasimi torpaqların azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı qısa video nümayiş etdirildi.
Rəsmi çıxışlardan sonra İştirakçı ölkələrin hər birinin memarlığını, tarixi abidələrini, mədəniyyətini özündə əks etdirən videolar nümayiş olundu. Daha sonra panel müzakirələrə start verildi.
İki gün davam edən simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.