“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Şuşada tədbir keçirdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi “Qadın Təşəbbüs Qruplarının yaradılması” layihəsi əsasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 02.08.2025-ci il tarixdə Şuşada maarifləndirici tədbir keçirdi. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Qarabağ bölgəsində qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, mədəni və sosial proseslərdə iştirakına dəstək verməkdir.
Tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları , “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə və ictimai birliyin üzvləri, Şuşa rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların qadın əməkdaşları və sakinlər iştirak edirdi.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsi, Şöbə müdirinin müavini Gülbəniz Babayeva, Qarabağ Universitetinin müəllimi, Beynəlxalq Dil Mərkəzinin eksperti Nigar Ramazanova tədbirdə çıxış edərək Azərbaycanda fəaliyyət göstərən aidiyyəti QHT-lərin qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində fəal iştirakının getdikcə genişlənməsi, ölkəmizdə qadının cəmiyyətdəki yeri və rolu barədə danışdılar, qadınların müasir cəmiyyətin tamhüquqlu üzvləri kimi sosial həyatın bütün sahələrində fəal iştirakı üçün hər cür imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasını xüsusi vurğuladılar.
Tədbirdə iştirak edən idarə, müəssisə, təşkilatların qadın əməkdaşları və sakinlər məcburi köçkün qadınların cəmiyyətə inteqrasiyası və Şuşa şəhərində “Qadın Təşəbbüs Qruplarının yaradılması” ilə bağlı geniş müzakirələrə qoşuldular, bəzi təklif və tövsiyələrini irəli sürdülər.
Layihə 01.06.2025-30.09.2025-ci illəri əhatə edir.