“Şəhərlər üçün körpü” konfransı baş tutub

29.10.2026 - 11:00

Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNİDO) tərəfindən hər il gerçəkləşdirilən və 2030-cu ilə hədəf olan “Şəhərlər üçün körpü” konfransı bu il Avstriyanın paytaxtı Vyana şəhərində baş tutub. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovun da qatıldığı konfransın panel  mövzusu “Suni intellekt və yaşıl innovasiya: Güclü və dayanıqlı gələcək” olub.

Panel iclasda çıxış edən xüsusi nümayəndə ilk olaraq tarixi Şuşa şəhərində  işğaldan sonra aparılan bərpa-quruculuq işləri, şəhərin beynəlxalq müstəvidə tanınması istiqamətində atılan addımlar barədə məlumat verdikdən sonra, konfransın mövzusuna fikir olaraq bu gün suni intellektin hər bir sahədə olduğu kimi, şəhərlərin də inkişafında rol oynadını bildirib. Şəhərlərin bərpası, quruculuğu və inkişafında süni intellektin sınaqdan keçirilməsi, praktiki tətbiqi və bunun nəticəsi olaraq  nələrin əldə edilə biləcəyi, hansı problemlərlə üzləşmənin mümkün olduğunu diqqətə çatdırıb. Süni intellekt məkan, ekoloji, demoqrafik və mədəni məlumatları təhlil etməklə, inkişaf meyarlarını müəyyənləşdirir və tarixi ərazilər üçün mümkün riskləri proqnozlaşdırır.

Şuşa şəhərinə köç edən və edəcək sakinlər arasında gənc nəslin yetişdiyini, onların da gələcəkdə şəhərin inkişafına töhfə verəcəklərini, gedən proseslərə cəlb olunacaqlarını söyləyən Aydın Kərimov, süni intellektin artıq peşəkar səviyyədə, təhsil ocaqlarında da öyrədilmısini müsbət hal olaraq bildirib.  

Tədbirdə şəhər və regionların rəhbərləri öz təcrübələrini bölüşüb, Aİ-nin tətbiq edilməsi yolunda olan çağırışların və problemlərin həllinə yönəlmiş addımlar haqqında fikir mübadiləsi aparıblar.

Новости