Şuşada “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib

21.06.2022 - 14:43

Şuşa şəhərində Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi və ölkənin aparıcı banklarının rəhbərləri iştirak ediblər.

Müzakirələr zamanı bank rəhbərləri tərəfindən Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə Şuşada və Qarabağda dövlət-özəl tərəfdaşlığının stimullaşdırılması və birgə fəaliyyətinin davam etdirilməsi istiqamətində təhlillər aparılması ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda, bank nümayəndələri Şuşa şəhərində infrastruktur layihələri, mədəni, tarixi və dini abidələrin konservasiyası və bərpası layihələrinə dəstək göstərmək niyyətində olduqlarını bildiriblər.

Tədbirdən sonra Şuşa şəhərinin tarixi-mədəni obyektləri ilə tanışlıq məqsədilə tədbir iştirakçılarının ekskursiyası təşkil olunub.

Новости