Xocalı soyqırımının şəhidləri Şuşada yad edildi

26.02.2026 - 14:30

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
26 fevral tarixində ölkəmizin hər yerində olduğu kimi, Şuşa şəhərində də Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, Şuşa rayonunda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Xocalı şəhidlərinin müqəddəs ruhunu dərin hörmət və ehtiramla anırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Новости