Astana və Şuşa ilə qardaşlaşmış Türkistan şəhərlərində “Şuşa günləri” keçirildi

07.10.2023 - 11:55

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirliyinin birgə təşkilatçlığı ilə 3-6 oktyabr tarixlərində Astana və Şuşa ilə qardaşlaşmış Türkistan şəhərlərində “Şuşa günləri” keçirildi. 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi ilə bərabər, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva, Milli Məclisin deputatları Fatma Yıldırım və Nizami Cəfərov, Azərbaycan Respublikasının  Qazaxıstan Respublikasındakı  səfiri Ağalar Atamoğlanov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və adı çəkilən qurumların nümayəndələri iştirak edirdilər. 

Səfər çərçivəsində Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Astana şəhər merinin müavini Yerlan Bekmurzayev, Türkistan vilayətinin akimi Darxan Satıbaldı, Türkistan şəhərinin akimi Nurbol Turaşbekov və digər rəsmilərlə görüşlər keçirildi, faydalı fikir mübadilələri aparıldı. Eyni zamanda qonaqlar üçün maraqlı şəhər turu təşkil edildi, Türk dünyasının mənəvi beşiyi olan Türküstan  şəhərinin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumatlar diqqətə çatdırıldı.

Görüşlər zamanı çıxışlarımda 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhərində 30 illik erməni işğalından sonra aparılan bərpa quruculuq işləri, tarixi abidələrin bərpası, şəhər infrastrukturunun yenilənməsi, Şuşada keçirilən mötəbər tədbirlər, eyni zamanda Şuşanın inkişafda olan beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə Şuşa günlərinin keçirilməsi nəticəsində bu şəhərin daha çox tanıdılması məqsədi ilə görülən işlər, qarşıda duran layihələr haqqında məlumat verildi. Açılışlar zamanı çıxışlarımda bu səpkili layihələrin tarixi Şuşa şəhəri haqqında daha çox məlumatların əldə olunması, turizm potensialının artırılması üçün müstəsna rol oynayacağını vurğuladım. Qazaxıstan rəsmiləri Şuşa şəhərində aparılan bərpa-quruculuq işlərinin çox yüksək templə getdiyini, günbəgün şəhərin daha da canlandığını, müxtəlif ölkələrdə Şuşa günlərinin keçirilməsinin önəmini diqqətə çatdırıb, şəhərin gələcəkdə daha böyük şöhrət tapacağına inandıqlarını bildirdilər. 

Astana və Türkistanda keçirilmiş Şuşa günləri çox zəngin proqramla yadda qaldı. Burada Şuşada aparılan bərpa quruculuq işlərini özündə əks etdirən video çarx, şuşalı rəssamların Qarabağın incisi haqqında çəkdikləri rəsmlər, Qarabağ milli heyimləri nümayiş olundu,  musiqiçilərin ifasında muğam parçaları və müxtəlif musiqilər səsləndirildi. Tədbir tamaşaçılar tərəfindən ən xoş xatirələrlə yadda qaldı.



Xəbərlər