Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin NİZAMNAMƏSİ
22 iyun 2021, 15:05
Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 22 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – İdarə) Şuşa Şəhəri Dövlət Qoruğunun idarə edilməsini həyata keçirən, habelə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İdarə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İdarə bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. İdarənin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. İdarənin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İdarə məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. İdarə Şuşa şəhərində yerləşir.
2. İdarənin fəaliyyət istiqamətləri
2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Şuşa şəhərinin ərazisində (bundan sonra – müvafiq ərazidə) yerləşən abidələrin (bundan sonra – abidələr) həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək;
2.1.2. Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək;
2.1.3. müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək;
2.1.4. Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq.
3. İdarənin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq ərazidə İdarənin vəzifələri aşağıdakılardır:
3.1.1. abidələrin dövlət mühafizəsini və qorunmasını təşkil etmək;
3.1.2. abidələrin funksional təyinatına uyğun istifadə edilməsini, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığını və uzunömürlülüyünü təmin etmək;
3.1.3. balansındakı dövlət mülkiyyətində olan abidələrin və tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun təyinatı üzrə səmərəli istifadəsini təmin etmək; [8]
3.1.4. abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;
3.1.5. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
3.1.6. abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə verilmiş yazılı göstərişə əməl edilmədikdə, göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək və çəkilmiş xərcləri, habelə dəymiş zərərin əvəzini göstərişi icra etməmiş şəxslərdən tələb etmək;
3.1.7. abidələrin öyrənilməsi və arxeoloji qazıntılar aparılması üçün razılıq vermək;
3.1.8. arxeoloji qazıntılar aparılmasına nəzarət etmək;
3.1.9. xüsusi mülkiyyətdə olan abidələrin və ya onların hissələrinin elmi, mədəni, dini, xidmət və turizm məqsədləri ilə icarəyə (istifadəyə) verilməsi üçün onların istifadə məqsədlərini və xüsusiyyətlərini müəyyənləşdirən istifadə proqramına, uyğunlaşdırma və bərpa layihələrinə razılıq vermək;
3.1.10. yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsinə razılıq vermək;
3.1.11. dövlət mülkiyyətində olmayan abidələrin konservasiyasına, təmirinə, bərpasına, rekonstruksiyasına və regenerasiyasına razılıq vermək;
3.1.12. tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir və təsərrüfat işlərinin aparılması zamanı ərazidə İdarənin nümayəndəsinin iştirakını təmin etmək və bu zaman həmin ərazini əvvəlcədən nəzərdən keçirmək və abidələrin ilkin tədqiqini təmin etmək;
3.1.13. inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək; [9]
3.1.14. aşkar edilmiş abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək və qorunması üçün tədbirlər görmək, onların əhəmiyyət dərəcəsi ilə bağlı və mühafizə rejiminə dair təkliflər vermək; [10]
3.1.15. abidələrin və tikililərin inventarlaşmasını aparmaq, texniki pasportlaşmanı həyata keçirmək;
3.1.16. tikintisinə icazə tələb edilən tikinti obyektlərinin layihələrinə abidələrin qorunması, istifadəsi, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığı baxımından rəy vermək;
3.1.17. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, açıq məkanda reklam fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən reklam yerləşdirilməsinə icazə vermək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə vermək, habelə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görmək;
3.1.18. Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında reklam yerləşdirilməsinə razılıq vermək;
3.1.19. abidələrə xələl gətirmədən turizm (rekreasiya) infrastrukturunun yaradılmasının təmin edilməsi üçün tədbirlər görmək, habelə maddi və qeyri-maddi mədəni irsin qorunmasına və təbliğinə dair məlumat mərkəzləri təşkil etmək;
3.1.20. yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının, konsert və musiqi festivallarının, sərgi və ekskursiyaların keçirilməsinə, sənədli və bədii filmlərin, televiziya proqramlarının və reklam çarxlarının çəkilişinə razılıq vermək;[11]
3.1.21. nəqliyyat infrastrukturunun, o cümlədən şəhərin hissələrinə giriş-çıxışın təşkilini həyata keçirmək;
3.1.22. mövcud yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq etmək və ya bu cür istifadəni qadağan etmək;
3.1.23. Şuşa şəhərinin beynəlxalq mədəni əlaqələrinin inkişafı, habelə şəhərin dünya tarixi-mədəni irsinin incilərindən biri kimi nüfuzunun möhkəmləndirilməsi istiqamətində tədbirlər görmək;
3.1.24. müvafiq ərazidə sahibkarlıq fəaliyyətinin canlanmasının və inkişafının təmin edilməsi üçün tədbirlər görmək;
3.1.25. elmi-tədqiqat, ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin inkişaf və nümayiş etdirilməsi üçün tədbirlər görmək;
3.1.26. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İdarənin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.27. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.28. müvafiq sahədə normativ hüquqi aktların və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.29. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.30. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.31. İdarənin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.32. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, İdarə əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.33. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.34. İdarəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.35. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.36. İdarənin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.37. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.38. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.39. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün müvafiq ərazidə İdarənin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə yazılı göstərişlər vermək;
3.2.3. dövlət mülkiyyətində olan abidələr (dünya əhəmiyyətli abidələr istisna olmaqla) və ya onların hissələrini Şuşa şəhərinin Baş planına uyğun olaraq icarəyə (istifadəyə) vermək;
3.2.4. dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası barəsində qərar vermək;
3.2.5. mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq keçirmək;
3.2.6. uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində turizm infrastrukturu obyektləri qurmaq və İdarənin ehtiyaclarının ödənilməsi məqsədilə yeni obyektlər layihələndirmək və inşa etmək;
3.2.7. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.8. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;
3.2.10. tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsini əldə etmək;
3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar yaratmaq;
3.2.12. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.14. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.16. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.17. işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək və İdarənin fəaliyyət istiqamətlərinə uyğun təlim və inkişaf üzrə ödənişli kurs xidmətləri göstərmək;
3.2.18. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Azərbaycan Respublikası Prezidentinin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək; [12]
3.2.19. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. İdarənin idarə olunması[13]
4.1. İdarə öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. İdarənin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
4.3. Müşahidə Şurası (bundan sonra – Şura) İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər 4 (dörd) üzvdən ibarətdir.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.6. Şura qərar qəbul etməkdə müstəqildir.
4.7. Şuranın vəzifələri aşağıdakılardır:
4.7.1. təsisçi səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.7.2. İdarənin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;
4.7.3. İdarənin fəaliyyətinə nəzarət etmək;
4.7.4. İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;[14]
4.7.5. İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin İdarənin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.7.6. İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.7.7. İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə İdarənin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.10. İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.11. İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.7.13. İdarədə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.14. İdarənin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.8. Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9. Şuranın üzvlərinə, İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.
4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.13. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin və Şuranın katibinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək İcraçı direktora göndərilir.
4.14. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.
4.15. Şuranın katibi:
4.15.1. Şuranın iclaslarını təşkil edir;
4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulan vəzifəni icra edir;
4.15.3. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.17. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.18. Şuranın üzvləri:
4.18.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılmaq barədə təkliflər verirlər;
4.18.5. Şuranın qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.20. İdarənin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
4.21. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.
4.22. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.23. İcraçı direktorun vəzifələri aşağıdakılardır:
4.23.1. İdarənin fəaliyyətini təşkil etmək;
4.23.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
4.23.3. Şuranın qərarlarını icra etmək;
4.23.4. aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.23.5. İdarənin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.23.6. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.23.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
4.23.8. bu Nizamnamənin 3.1.28-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.23.9. İdarənin cari fəaliyyətinə rəhbərlik etmək və onu təmsil etmək;
4.23.10. İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;
4.23.11. İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
4.23.12. özünün və İdarənin struktur bölmələrinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
4.23.13. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində İdarənin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;
4.23.14. İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;
4.23.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;
4.23.16. İdarənin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
4.23.17. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
4.23.18. İdarənin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;
4.23.19. İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
4.23.20. İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;
4.23.21. İdarədə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;
4.23.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
5. İdarənin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. İdarənin nizamnamə fondunun məbləği 1 000 000 (bir milyon) manatdır.
5.2. İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. İdarə öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. İdarə qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra İdarənin, onun nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. İdarənin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. İdarə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur.
5.7. İdarənin tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsi İdarənin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür. [15]
5.8. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə müvafiq olaraq İdarənin açıq məkanda reklam yayımına görə tutduğu haqqın məbləği dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aiddir.
6. İdarənin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. İdarənin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən olunmuş qaydada İdarənin idarəetmə orqanları həyata keçirirlər.[16]
6.2. İdarənin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. İdarədə uçot və hesabat
7.1. İdarə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. İdarə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. İdarə nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. İdarə öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. İdarənin ləğvi və yenidən təşkili
İdarənin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
https://president.az/az/articles/view/52220