Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsini veridi. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladı.
Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin”. Dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi. 1750-cı ildə təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Azərbaycanın ən gözəl guşələrindən olan Qarabağı, o cümlədən Şuşanı işğal etmiş ermənilər öz qəsbkarlıq siyasətini tarixi faktları saxtalaşdırmaqla pərdələməyə çalışır, Şuşanı “erməni mədəniyyətinin beşiyi” kimi qələmə verməyə cəhd göstərirlər. Tarixi faktlar isə erməni “mütəxəssislərin” tam yalan danışdıqlarını göstərir. Buna əmin olmaq üçün şəhərin yaranma və inkişaf tarixini özündə əks etdirən məhəllə və küçə adlarına, eləcə də əhalisinin milli tərkibinə nəzər salmaq kifayətdir.
Mövcud materialların təhlili göstərir ki, Şuşanın bir şəhər kimi formalaşması üç mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi olan “Təbrizli” məhəlləsi salınmışdı. Qarabağ xanlığının ləğv edilməsinə qədər bu adla tanınan məhəllə sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çöl qala. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq bu məhəllənin ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu.
XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İlk vaxtlarda bu yaşayış məskəni Pənahəli xanın şərəfinə "Pənahabad", bir müddət sonra isə "Şuşa qalası" və "Şuşa şəhəri" adlandırılıb. Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılıb. İbrahimxəlil xanın dövründə isə Şuşa qalasının divarları və strateji əhəmiyyətli qalalar tikilib. Şəhər qısa zamanda xeyli böyüyüb, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb edib. Şuşa təkcə tikililəri ilə deyil, eyni zamanda, havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından da vacib hesab olunub. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub. Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin sayının sürətlə artması Rusiyanın 1828-ci ildə İranla imzaladığı Türkmənçay və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə Rusiya təkcə 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü.
Şuşanın tarixini yaxşı bilən Ümummilli Lider şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Dahi lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ulu öndər Heydər Əliyev Şuşanın abidələr şəhəri olduğunu, diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumağın, qədim tikililəri bərpa etməyin vacibliyini qeyd edib və bundan sonra bu şəhərin simasının gözəlləşdirilməsi, tarixi abidələrin bərpası məqsədilə mühüm işlər həyata keçirilib.
1990-cı ilin əvvəllərində Ermənistan silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə ölkəmizə qarşı hücumlar təşkil edirdilər. 1992-ci il mayın 8-də Şuşa şəhəri də düşmən işğalına məruz qaldı. Ermənilər Şuşada Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerlə-yeksan edib, şəhəri tanınmaz hala saldılar. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül və başqa sənətkarların yaşayıb yaratdığı Şuşanın mədəni irsinə böyük zərbələr vuruldu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində yerləşən mövqelərimizə və mülki yaşayış məntəqələrimizə edilən hücumlara, açılan artilleriya atəşinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyatı keçirərək 1992-ci il mayın 8-də Erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şuşa şəhərini 2020-ci il noyabrın 8-də düşməndən azad etdi. 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan əsgəri öz igidliyi, qəhrəmanlığı, vətənə olan sonsuz məhəbbət və sədaqəti ilə bir növ qəhrəmanlıq salnaməsi yazdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Şuşanın ilk gerbi
Azərbaycanın böyük xanlıqlarından olan Qarabağ xanlığı əslində 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsindən sonra Rusiyaya qatılıb. 1822-ci ildə isə xanlıq ləğv edildikdən sonra əyalətə çevrilib. 1840-cı il inzibati-ərazi islahatı nəticəsində Qarabağ əyalətinin mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırılıb və Kaspi vilayətinin tərkibinə verilib.
1846-cı ildə Kaspi vilayəti ləğv olunub. Bundan sonra Şuşa qəzası yeni yaradılan Şamaxı quberniyasının tərkibinə daxil edilib. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası təşkil ediləndə Şuşa qəzası da onun tərkibinə keçib. 1883-cü ildə Şuşa qəzasının ərazisində iki yeni qəza - Cavanşir və Cəbrayıl qəzaları yaradılıb.
Bu tarixi hadisələr baş verməzdən əvvəl çar I Pyotr tərəfindən "Şəhərlərin gerblərinin tərtibi haqqında" fərman verilib. Həmin fərmana uyğun olaraq, XIX əsrin sonunda Rusiyada 700-dən çox şəhərin hər birinin öz gerbi mövcud idi.
1785-ci ildə isə Rusiya hökuməti tərəfindən "Şəhər əsasnaməsi" qəbul edilib. Bu əsasnamənin 28-ci maddəsində qeyd olunub: "Hər bir şəhərin öz gerbi olmalı və ondan bütün şəhər işlərində istifadə edilməlidir". Qeyd etdiyimiz kimi, həmin vaxt Şuşa - Kaspi vilayəti Yelizavetpol quberniyası Şuşa qəzasının mərkəzi idi. Qəza şəhərlərinin əksəriyyəti kimi, Şuşanın da öz gerbi vardı.
Rusiya imperiyasının yeni inzibati-ərazi bölgüsünə görə, 1840-cı ildə qəza şəhəri statusunda Kaspi vilayətinin tərkibində olan Şuşanın gerbi 1843-cü il mayın 21-də imperator I Nikolay tərəfindən təsdiqlənib. Gerb qalxan şəklində hazırlanıb. Qədim Şuşanın gerbinin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kaspi vilayətinin gerbindəki təsvirlərin eyni olub.
Gerbdə iki yerə bölünmüş qızılı fonun bir hissəsində - sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən alov təsvir edilib. Tədqiqatçılar bu fikirdədirlər ki, Şuşanın da, Bakının da gerblərində əks edilmiş alov dilləri Azərbaycanın odlar ölkəsi olmasına işarədir.
Şuşanın gerbinin yarıdan aşağı hissəsində yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir edilib. Araşdırıcılar bildirirlər ki, bu təsvir həmin ərazidə cins atların yetişdirildiyini, həmçinin Qarabağda atçılığın inkişafını, yəhər və yüyənin də yerli istehsal olduğunu əks etdirir. Gerb həmçinin yurdumuzun təbii sərvətlərini əks etdirmək, eləcə də rənglərin harmoniyası baxımından diqqət çəkir.