24-25 may 2024-cü il tarixlərində Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruği İdarəsinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda yaz Plenumu keçirilmişdir.
25 may tarixində bu Plenum çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Azərbayan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və tədbir iştirakçıları ilə görüşüblər. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin memarlıq abidələrinin bərpası istiqamətində bu cür plenumlar müstəsna rol oynayır.
Görüş zamanı diqqətə çatdırılıb ki, işğaldan əvvəl Şuşada 200-ə yaxın tarixi memarlıq abidəsi mövcud olub, lakin 30 il ərzində onların demək olar ki, hamısı yararsız hala salınıb, hətta bəziləri tamamilə məhv edilib. Bu gün aparılmaqda olan bərpa prosesində yerli mütəxəssislərin çox böyük rol oynadığı vurğulanıb və bu günə qədər 18 memarlıq abidəsinin bərpa edildiyi bildirilib. Bununla yanaşı, Şuşanın beynəlxalq müstəvidə tanıdılması və təcrübə mübadiləsinin aparılması istiqamətində ötən il Türk dünyası memarlarının “Şuşa simpoziumu”nun keçirildiyi, bu il isə İslam dünyası memarlarının bir araya gətirilməsinin nəzərdə tutulduğu bildirilib.