Əbu-Dabidə “Şuşa günləri” keçirilib

27.11.2024 - 20:00


Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının  Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin  dəstəyi ilə keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi  Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 noyabr tarixlərində Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.    

    Səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov BƏƏ-nin Mədəniyyət naziri Şeyx Salem Al Qasimi,  BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhoul və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini  Saif Sultan Al Nasseri ilə görüşüb. Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov  və nümayəndə heyətinin üzvləri - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Qoruğun məsul əməkdaşları görüşlərdə iştirak ediblər.  Hər bir görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açılıb, dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 layihəsinin ölkəmizdə yüksək səviyyədə, uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanıb və Azərbaycan tərəfi bu münasibətlə təbrik edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, şəhərsalma ilə bağlı ideya və fikirlər bölüşdürülüb, iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması müzakirə olunub. Şəhərin tarixi, işğal dönəmində ermənilər tərəfindən məruz qaldığı talanlar və dağıntılar, hazırkı bərpa və yenidənqurma işləri, turizm potensialının inkişaf etdirilməsi və turistlərin şəhərə cəlb edilməsi, Şuşanın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr, Yeni Yaşayış Kompleksinə əhalinin köçürülməsi və şəhərə gediş-gəlişin asanlaşması barədə də  məlumatlar  verilib.

Dövlət  Turizm Agentliyinin dəstəyi ilə “Şuşa günləri” “Conrad” otelində davam edib. Beləki,  “Şuşa - dünən və bu gün” adlı foto - sərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumatlar verilib. XVIII-XIX əsrlərə aid Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları "Qarabağ milli  geyimləri"  adı ilə nümayiş edilib və maraqla qarşılanıb. İştirakçılar dünyanın ən qədim, zəngin mətbəxlərindən biri olan Azərbaycan kulinariyasının ləziz təamlarına və şirniyyatlarına qonaq ediliblər. Tədbirdə BƏƏ XİN Asiya və Sakit Okean Departamentinin direktoru cənab Əbdüləziz Əl-Niyadi və Əbu-Dabi şəhərinin dövlət qurumlarının rəhbərləri iştirak edib.

“Şuşa günləri” çərçivəsində  Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala – konsert keçirilib.

  Bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında diplomatik münasibətlərin xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığına söykənir.

Xəbərlər