İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər

11.05.2024 - 13:43

Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış etdi.

Çıxışlardan sonra açılış konserti keçirildi.

Konsertdə “Xarıbülbül”ün bütün iştirakçılarının yer aldığı açılış kompozisiyasının müşayiəti ilə 27 Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil oldu.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilir. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

Açılış konsertində müxtəlif ölkələrdən məşhur ifaçılar - Azərbaycandan Xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Əməkdar artist Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlendirici, həmçinin “Aşıqlar qrupu”, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood”, İndoneziyadan “Sendja Community”, Qətərdən “Qılınc rəqqasları”, Mərakeşdən “Tizwit” qrupları, Özbəkistandan “Navbahor” Mahnı və Rəqs Ansamblı, Türkiyədən “Anadolu atəşi” rəqs qrupu və digərləri çıxış etdilər. Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən “Səsin gəlsin, Xarıbülbül” mahnısı ilə yekunlaşıb.

Xəbərlər