Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edib.
Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi olub.
Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşanın son bir il ərzində müxtəlif önəmli tədbirlərə ev sahibliyi etdiyini bildirib. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi regionun gələcək inkişafı və uzunmüddətli sülh üçün vacib töhfədir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Şuşanın ölkəmiz üçün önəmli şəhər olduğunu bildirərək, Azərbaycan hökumətinin burada genişmiqyaslı infrastruktur layihələri həyata keçirdiyini qeyd edib. Deyib ki, Azərbaycan tərəfi sülh prosesinin başlanılması məqsədilə ilkin addımları atıb və sülhün bərqərar olması üçün işləri davam etdirir. Hikmət Hacıyev Qarabağın işğaldan azad olunması ilə Azərbaycanın regionda yeni reallıq yaratdığını diqqətə çatdırıb.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad olunması zamanı heç bir artilleriyadan istifadə etməyib və döyüş Şuşanın işğaldan azad olunmasından sonra Azərbaycanın qələbəsi ilə başa çatıb.
Hikmət Hacıyev Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini də vurğulayıb.
Daha sonra forum çərçivəsində “Şuşa-dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirilib.