Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib

08.11.2021 - 07:32

Azərbaycan Respublikasının Prezideni, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hərbçiləri salamladı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər qarşısında çıxış edərək dedi:
- Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. 

Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik.

Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

Əziz dostlar, əziz Azərbaycan xalqı!

Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 

Hərbiçilərlə görüşdən sonra cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Cıdır düzündə ağac əkdilər.

İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirildi. 

Xəbərlər