Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər.
Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından
Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.
Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb.
Səfər çərçivəsində dövlətimizin başçısı və ailə üzvləri Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. “Xarı Bülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular. Dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verildi.
Daha sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirakı ilə Şuşada yeni məscidin təməli qoyulub. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib.
Dövlətimizin başçısı və ailə üzvləri Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirdikdən sonra “Xan qızı” bulağını ziyarət edərkən bulağın suyundan içiblər.
Həmçinin cənab Prezident, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binada və Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub.