Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarından olan Şuşa şəhər 1 nömrəli tam orta məktəbi öz doğma yurdunda ilk dəfə “Bilik günü” nü qeyd etdi. Bu münasibətlə keçirilən tədbir məktəblilərin öz evlərindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbinə yürüşü ilə başladı. Elm və Təhsil naziri Emin Əmrullayev,, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, Şəhid ailələri, qazilər, məktəb kollektivi və valideynlər şagirdlərin bu sevincinə qoşuldu.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin qarşısında keçirilən rəsmi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. S. Gözəlova qeyd etdi ki, müasir tələblər səviyyəsində yenidən qurulan məktəb 960 şagird yerlik, 5 blok 3 mərtəbəli, hər biri 24 şagird olmaqla 40 sinif otağından ibarətdir. Bu gün yeni tədris ilində Şuşa şəhərində öz təhsiliniə başlayan 113 şagirdin təlim-tərbiyəsi 18 müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir.
Elm və Təhsil naziri Emin Əmrullayev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Avropa - Azərbaycan Cəmiyyətinin təhsil məsələləri üzrə müşaviri Asif Cahangirov, 44 günlük Vətən müharibəsinin Şəhidi Nurlan Həsənovun atası Nadir Həsənov, tədbirdə çıxış edərək, 15 sentyabr - “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird heyətini təbrik ediblər.
Sonra məktəblilərin ifasında şeirlər səsləndi. Şuşada çalınan ilk zəng səsiylə müəllim və şagirdlər məktəbə daxil oldular.