14 may 2024-cü il tarixində növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini doğma yurduna qovuşub. Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim edilməsi mərasimində Şuşa Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Şuşa Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov Şuşa sakinlərinə mənzillərinin açarlarını təqdim edib. Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar. İndiyədək şəhərdə 58 ailə (224 nəfər) mənzillə təmin edilib. Köçürülmə prosesi davam edəcək.