12-ci Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində 23 oktyabr tarixində İCESCO pavilyonunda “Şuşa və ərəb dünyası: Kitablardan mədəni mübadiləyə” adlı sessiya keçirilib. Sessiyada Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin İcraçı Direktoru Tural Novruzov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov və Misir Ərəb Respublikasının Ali Mədəniyyət Şurasının Baş katibi Professor Əşrəf Məhəmməd Əlhadi Əlsəid Ələzzazi iştirak ediblər. Müzakirələr çərçivəsində əsas diqqət “Şuşa zirvədən uca” kitabının ərəb dilinə tərcümə edilmiş nəşrinin təqdimatına yönəldildi.
Şuşada aparılan quruculuq işləri, tarixi abidələrin bərpası haqqında danışan Tural Novruzov bildirdi ki, 2020-ci ildən bu günədək Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə 34 tarixi abidə bərpa olunaraq istifadəyə verilib. Onlardan altısını tarixi məscidlər təşkil edir. “Hazırda daha 15 tarixi abidənin konservasiyası istiqamətində işlər aparılır. Bu abidələr işğal dövründə vandalizmə məruz qalaraq ciddi şəkildə zədələnib. Buna görə də onların mövcud vəziyyətinin qorunması, daha çox dağılmasının qarşısının alınması və gələcək nəsillərə çatdırılması əsas prioritetlərimizdəndir”.
İCESCO ilə əməkdaşlı haqqında da danışan İcraçı direktor qeyd etdi ki, 2024-cü il “Şuşa- İslam dünyasının Mədəniyyət paytaxtı ili” çərçivəsində Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı beynəlxalq simpozium keçirilmişdir. Tədbir Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və İCESCO-nun dəstəyi ilə baş tutdu. Simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak etmişdir. Bununla yanaşı, 2024-cü ildə Rabat şəhərində İCESCO-nun baş qərərgahında, BƏƏ-nin Abu-Dabi şəhərində, Özbəkistanın Xivə şəhərində “Şuşa günləri” tdbirləri keçirilmiş və tarixi şəhərin mədəniyyəti, Qarabağ milli geyimləri, kulinariyası, musiqisi nümayiş olunmuş, münasibətlərin daha da möhkəmlənməsi istiqamətində mühüm görüşlər keçirilmişdir.