Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirilib. Sessiyada 100-dən çox yerli və xarici nümayəndə iştirak edib.
Tədbirdə əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub oxunub.
“Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf, BP-nin Regional prezidenti Qəri Counz, “TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin, “ACWA Power” şirkətinin investisiya direktoru Klayv Törtn, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov iştirak ediblər.
Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
Daha sonra Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələri, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış ediblər.