18 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfrans Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı “Tədbirlər Planı” çərçivəsində baş tutub.
Konfrans, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, şəhid əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq bildirib ki, bütün dünya azərbaycanlıları və türk dünyasının milli-mənəviyyatının alınmaz qalası olan Şuşa həm hər birimizin qırılmaz tellərlə sıx bağlı olduğumuz bir şəhər olmaqla yanaşı, həm də cəsarətimizin rəmzidir. Şuşanın Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Komitə sədri bu müqəddəs şəhərin həm də İslam mədəniyyətinə tarixi abidələri, memarlıq, ədəbiyyat və sənətkarlıq nümunələri ilə böyük töhfələr verdiyini qeyd edib.
Komitə sədri “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkünün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıtdığını diqqətə çatdırıb: “Onlar həm bu torpağın sakinləri, həm dövlət, özəl və ictimai qurumların rəhbərləri, siyasi partiyaların üzvləri, mütəxəssis, ekspert, media mənsubu, nəhayət, ana, həyat yoldaşı, qadın olaraq bu ərazilərin ictimai, siyasi, mədəni həyatının bərabərhüquqlu subyekti kimi qayıdır. İslam mədəniyyətinin paytaxtı Şuşadan bütün dünyaya sülh, ədalət və təhlükəsizlik naminə çağırış üçün qayıdır” - deyə o çıxışını sonlandırıb.
Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel iclası formatında davam edib.
Tədbirdə Şuşa rayon Yeni Yaşayış Kompleksində yaşayan sakinlər də iştirak edib.