Xüsusi nümayəndəlikdə Şuşa şəhəri sakinləri ilə görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı Xüsusi Nümayəndəliyində Şuşa şəhəri sakinləri ilə görüş keçirilmişdir. Görüşün təşkil edilməsində əsas məqsəd şəhərə köç etmiş əhalinin gündəlik həyat fəaliyyəti ilə bağlı müraciətlərin dinlənilməsi, mövcud problemlərin araşdırılması və sakinlərlə qarşılıqlı fikir mübadiləsinin aparılması olmuşdur. Görüşdə çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov vurğulayıb ki, “Böyük Qayıdış”ın təntənəsi olaraq cənab Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Şuşa şəhərində abadlıq və yenidənqurma işləri uğurla davam etdirilir, tarixi və dini abidələr bərpa olunur, yeni infrastruktur obyektləri yaradılır. Görüş çərçivəsində səsləndirilən müraciət, təklif və rəylər diqqətlə dinlənilmiş, sakinlərə müvafiq izahatlar verilmişdir. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların icrası nəzarətə götürülmüşdür. Müzakirələrdə Xüsusi nümayəndəliyin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.