Ankarada “Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimatı keçirilib
Avqustun 1-də Türkiyənin Ankara şəhərində “Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimat mərasimi olub.
TÜRKSOY-un Baş katibliyində təşkil olunan tədbirdə təşkilatın Baş katibi Sultan Raev, Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Sahibə Ələkbərova, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Adbülsamet Taş, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə və Ankara Hacı Bayram Veli Universitetinin Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Cəmilə Kınacı Baran və digər qonaqlar iştirak ediblər.
Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışıb. “Şuşa hər keçən gün daha da gözəlləşir. Şəhərdə 4 muzey fəaliyyətə başlayıb, bir çox hotel və restoranlar açılıb. Amma əsas odur ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Uşaqlar məktəbə gedirlər. Hər ay yüz minlərlə insan Şuşanı ziyarət edir”, - deyə E. İskəndərov bildirib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsində nəşr olunan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi olduğu kitabda Azərbaycanın maarifçilik beşiyi və mədəniyyət mərkəzi olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyyətindən bəhs edilir.