Azərbaycan Bolqarıstanda keçirilən 20-ci beynəlxalq “Mədəni turizm” sərgisində təmsil olunub

13.10.2025 - 08:50

Azərbaycan Bolqarıstanda keçirilən 20-ci beynəlxalq “Mədəni turizm” sərgisində təmsil olunub.


8-10 oktyabr 2025-ci il tarixlərində Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 20-ci beynəlxalq “Mədəni turizm” sərgisində Azərbaycanı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və ölkəmizin Bolqarıstandakı Səfirliyi təmsil edib.

Sərgidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşanın tarixi-mədəni irsini, turizm potensialını və zəngin təbii gözəlliyini təcəssüm etdirən fotomateriallar, ingilis dilində turizm kitabçaları və bukletlər nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa nəzarəti altında Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq tədbirləri, Şuşanın turistik məkanları, turistlər üçün Şuşaya gəliş yolları barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları sərgi iştirakçılarına ətraflı məlumat veriblər. 

Azərbaycanın Bolqarıstandakı Səfirliyi sərgidə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stend nümayiş etdirərək müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.

Sərgidə həmçinin, Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın tarixi və mədəni elementlərini, ecazkar təbiətini və zəngin memarlıq üslubunu təcəssüm etdirən fotoşəkillər nümayiş etdirilib.

20-ci Mədəni Turizm sərgisi çərçivəsində 9 oktyabr Azərbaycan nümayəndə heyəti Veliko Tırnovo şəhərinin meri Daniel Panovla görüş keçiriblər. Görüşdə qardaşlaşmış şəhərlər olan Şuşa ilə Veliko Tırnovo arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi, mədəniyyət və turizm tədbirlərinin, həmçinin təcrübə mübadiləsinin təşkilinə dair müzakirələr aparılıb. 

Xatırladaq ki, hər il Bolqarıstan Respublikasının Turizm Nazirliyinin, aidiyyəti hakimiyyət orqanların rəhbərlərinin, yerli və beynəlxalq bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq “Mədəni Turizm” sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasıdır və 3 gün davam etmişdir.

Xəbərlər