Azərbaycan memarlarının növbəti uğuru.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşamızı bəzəyən iki memarlıq əsəri mötəbər beynəlxalq müsabiqələrin qalibi olmuşdur.
Beləki, 1-2 oktyabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə Yeddinci Bakı Beynəlxalq Memarlıq müsabiqəsi keçirilmişdir. Müsabiqədə dünyanın 38 ölkəsindən 265 layihə iştirak etmişdir. Müsabiqənin Münsiflər heyətinin yekdilliklə alınmış qərarı ilə Şuşadakı Aşağı Gövhər Ağa Məscidinin bərpa layihəsi “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə İkinci dərəcəli diploma layiq görülmüşdür.
Avrasiya ölkələrinin ən yaxşı memarlıq əsərlərinin nümayişi müsabiqəsi sayılan Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının “İlin ən yaxşı layihəsi/tikilisi” üzrə XXXIII Beynəlxalq baxış-müsabiqəsi 9-11 oktyabr tarixlərində Astanada keçirilib. Müsabiqəyə təqdim olunmuş 132 layihə arasından seçilərək “Şuşa” Otel və “Konfrans Mərkəzi” layihəsi “Şəhərsalma kompleksləri və ansamblları” nominasiyası üzrə İkinci dərəcəli diploma layiq görülüb.
Memarlarımızı bu iki mötəbər müsabiqədə qazandıqları uğur münasibətilə ürəkdən təbrik edir, gələcəkdə də Azərbaycanın memarlıq sənətinin inkişafı və dünyada tanıdılması istiqamətində atılan bu kimi addımların davam edəcəyinə əminliyimizi bildiririk.