Azərbaycanın Baş prokuroru və İstanbul şəhərinin Baş prokuroru Şuşaya səfər edib

24.11.2021 - 07:57

Türkiyə Respublikası İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycanın mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərində olublar.

Səfər çərçivəsində Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin və İstanbulun Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinə Şuşanın tarixi yerlərini göstərdi. Həmçinin Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət edildi.  Məlumat verildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb. Bundan əlavə, qonaqlar erməni işğalı zamanı dağıdılmış, şəhər azad olunandan sonra isə qısa zamanda bərpa edilmiş Vaqifin məqbərəsi, Şuşa qalası, Bülbülün evi və Yuxarı Gövhərağa məscidi ilə tanış olarkən mədəni-tarixi irsimizin vacib hissəsi olan digər abidələrin bərpa prosesi haqqında da məlumat əldə etdilər. 

Daha sonra Şuşa Şəhəri Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Şuşada səfərdə olan qonaqlara erməni işğalı zamanı dağıdılmış tarixi-dini abidələrin vəziyyəti və hal-hazırda aparılan bərpa prosesində türk şirkətlərinin iştirakı barədə məlumat verdi. Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həm Azərbaycan, həm də türk şirkətlərinin birgə çalışdığını vurğuladı.

Səfərin sonunda İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmaz səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu günlər Azərbaycan xalqı üçün tarixi bir gündür. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan dövlətinin şanlı Qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir. Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı Qələbə qazandı. Bu Qələbə Azərbaycan xalqının gələcəyi üçün elə bir əsas yaratdı ki, bu təməl üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. Bu gün qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsi bütün dünya türkləri tərəfindən təntənə ilə qeyd olunur”.

Xəbərlər