“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində Şuşa şəhərində təlim keçirildi

01.08.2024 - 13:48

“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində Şuşa şəhərində təlim keçirildi


Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin icra etdiyi “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində təlim Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində keçirilmişdir.

Təlimi giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov layihənin məqsəd və məramı ilə bağlı məlumat verdi, daha sonra iştirakçılara icma quruculuğu, məcburi köçkünlərin məşğulluq imkanlarını artırmaq və reinteqrasiya prosesini daha da gücləndirmək istiqamətində praktiki və nəzəri biliklər verildi.

Yeni məskunlaşmış sakinlərə Dayanıqlı İnkişaf Məqsədlərinin mövcud olan 17 hədəfi haqqında məlumat verilmiş, icma quruculuğu prosesində DİM-nin tətbiqi nəzərdən keçirilmiş, icmanın ehtiyaclarının öyrənilməsi məqsədi ilə fokus qrup müzakirələri təşkil olunmuş, gənclərin və qadınların biznes və sahibkarlıq subyektlərini formalaşdırmaq üçün təqdimatlar keçirilmiş və məsləhət xidmətləri təşkil olunmuşdur. 

Peşəkar təlimçilər olan Elşad Şiriyev və Arzu İbrahimova tərəfindən aparılan təlimdə potensial olaraq məşğulluq məsələləri ilə bağlı ehtiyaclar müəyyən olundu. İştirakçılara biznes planların tərtib olunma və müraciət olunması qaydaları ilə bağlı məlumat verildi və bu istiqamətdə davamlı dəstəyin davam etdirilməsi, kiçik sahibkarlar üçün texniki dəstəyin göstərilməsi, müvafiq avadanlıqla təmin olunması nəzərdə tutulur.

Layihənin hədəf qrupu gənc qadınlar, gənc sahibkarlar və icmalar olmuşdur və əsas məqsəd yeni biznes ideyalarını təşviq etmək və yeni sahibkarların yetişdirilməsinə dəstək göstərmək olmuşdur.

Təlimin zamanı iştirakçılar öz ehtiyac və rəylərini təşkilatçılara təqdim etdilər, bütün təklif və rəylər toplanaraq layihənin sonunda "Dovlət-özəl-icma" tərəfdaşlığı üzrə keçiriləcək konfransda rəsmilərin və özəl sektor nümayəndələrinin diqqətinə çatdırılacaq və bu istiqamətdə müzakirələr təşkil olunacaq. 

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Xəbərlər