“İdman Veteranları” İctimai Birliyinin üzvləri Şuşa sakinləri ilə görüşdülər

13.09.2025 - 15:00

“İdman Veteranları” İctimai Birliyinin üzvləri Şuşa sakinləri ilə görüşdülər.


Dövlətimizin başçısı cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın görkəmli idmançılarının işğaldan azad edilmiş torpaqlara müntəzəm səfərlərinin uşaq və gənclər üçün  böyük hadisə olacağını qeyd etmişdi. Ölkə rəhbərinin bu çağırışına səs verən idman ictimaiyyətinin nümayəndələri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyilə 2 dəfə Şuşaya səfər ediblər.  Növbəti dəfə 13 sentyabr 2025-ci il tarixində “İdman Veteranları” İctimai Birliyi Azərbaycanın tanınmış idman veteranlarının 38 nəfərlik heyəti ilə Şuşaya səfər ediblər. 

İdman veteranları Cıdır düzündən  açılan əsrarəngiz mənzərəni seyr ediblər, Aşağı Gövhər Ağa məscidində olublar, “Şuşa” qalasını ziyarət ediblər. Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gələn qonaqlara güllələnmiş heykəllər və şəhər barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları tərəfindən məlumat verilib.

Səfər çərçivəsində   idman veteranlarımız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarının, sakinlərin və idmançıların iştirakı ilə görüş keçirib, xatirə şəkilləri çəkdiriblər. Şuşanın gənc istedadlarından olan İbrahim Quliyevin Qarabağ haqqında ifa etdiyi mahnılar idmançılarımızın böyük marağına səbəb olub.

İdman veteranlarımız Şuşa şəhəri və sakinlərlə  tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Bu görüşlərin əsas məqsədi hazırda dogma yurdunda yaşayan vətəndaşlarımıza mənəvi dəstək göstərmək, idmanın birləşdirici və ruhlandırıcı gücünü nümayiş etdirməkdir.

Xəbərlər