Prezident İlham Əliyev Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub

14.01.2021 - 12:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. 

Cənab Prezident bildirib ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Füzuli hava limanının təməlini qoyulması və bu il hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi ilə xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev:
-Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bu gün- yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik.

Daha sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər. Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi.
Cənab Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.

Tədbirdən sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon Partiya Komitəsinin binası, Bülbülün dağıdılmış ev-muzeyi və  erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular. 

Cənab Prezident İlham Əliyev sovet dövründə uşaq sanatoriyası kimi fəaliyyət göstərən, işğaldan sonra ermənilər tərəfindən dağıdılan Natəvan sarayının xan qızının evi kimi bərpa ediləcəyini bildirdi.

Dövlətimizin başçısı Şuşa şəhərinin su və elektrik enerjisi təchizatı ilə maraqlandı. Bildirildi ki, indi şəhər su ilə də, işıqla da normal şəkildə təchiz olunur.

Cənab Prezident və ailə üzvləri Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər. Cənab Prezident İlham Əliyev bu məscidlərə də “Qurani-Şərif” bağışladı. 

Sonra cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsində oldular.

Dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gələrək, Vaqifin dağıdılmış məqbərəsinə baxdılar.

Məqbərənin qarşısında çıxış edən cənab Prezident İlham Əliyev dedi:
- Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. “Xarı bülbül” festivalı bu il keçiriləcək. Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir.

Şuşaya səfər çərçivəsində cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. 15 yanvarda yenidən buraya gələrək, Cıdır düzündə çay süfrəsinə qonaq oldular.

Cənab Prezident İlham Əliyev:
-Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!

Xəbərlər