Cənab Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Məlumat verilib ki, iki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.
Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva inzibati binada aparılan bərpa işləri ilə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büstünün, təmir-bərpa və yenidənqurma işlərindən sonra muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev muzeyinin və dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı baş tutub.
Daha sonra cənab Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoyub.
Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub.