Şəhidlərimizin əziz xatirəsi Şuşada yad edildi.
Bu gün Azərbaycanda Anım Günüdür. Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı hər zaman igid oğul və qızlarının rəşadətini yüksək dəyərləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə Şuşa şəhərindəki Bayraq Meydanında və Şəhidlər Xiyabanında anım mərasimləri keçirilib.Anım günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut anından sonra tədbir Şəhidlər Xiyabanında davam edib. Şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, ruhlarına dua oxunub.Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən qürur hissi ilə danışaraq, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək, canını Vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyib.Tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhər sakinləri iştirak edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!