Şuşa şəhərində “Bilik günü” qeyd edilib.
15 sentyabr - “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbində tədbir keçirilib. Elm və Təhsil naziri Emin Əmrullayev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, hüqq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, məktəb kollektivi və valideynlər tədbirdə iştirak ediblər.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin qarşısında keçirilən rəsmi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil naziri Emin Əmrullayev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, məktəbin müəllimi Aynur Abbasova tədbirdə çıxış edərək, 15 sentyabr - “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagird heyətini təbrik etdilər və onlara təhsildə uğurlar arzulayıb, Şuşadan başlanan bu tədris ilinin Vətənimizə, doğma Azərbaycanımıza milli-mənəvi, vətənpərvər ruhda böyüyən - bilikli, savadlı, layiqli övladlar bəxş edəcəyini bildiriblər.
Yeni dərs ilinin başlanması ilə bağlı çıxış edən birincilər öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə ediblər.