Şuşada ilk dəfə “Kəlağayı” festivalı keçirilib

28.06.2024 - 18:00

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Kəlağayı” festivalı keçirilib. Festival çərçivəsində Şuşa sakinlərinə qədim kəlağayılar, qurama əl işləri, qədimi kəlağayı, Güllü Eldar Tomarlının toxunma əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, yeni işıq üzü görən ''Anam - kəlağaydı, kəlağay - anam...'' kitabı təqdim olunub.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı” ev muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, kəlağayı 2014-cü ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib. “Sazlı-sözlü kəlağayı festivalı” Şuşada ilk dəfə həyata keçirilir. Məqsədimiz Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq və onu təbliğ etməkdir.


Xəbərlər