Şuşada sakinlərin ilk Zəfər sevinci
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə “8 Noyabr – Zəfər Günü”nü Şuşa sakinləri ilk dəfə olaraq öz doğma torpaqlarında böyük sevinc və qürur hissi ilə qeyd etdilər.
Tədbirlərdə Milli Məclisin deputatı Polad Bülbüloğlu, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Nümayəndəliyin və Qoruğun məsul əməkdaşları, Şəhid ailələri və qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və Şuşa şəhər sakinləri iştirak edirdilər.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbində tədbir yüksək təntənə ilə qeyd edildi.
“Güllü bağ”da şuşalıların əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Sərgidə şuşalı rəssamlar - Rövşən Bayramovun və Zaur Mirzəyevin rəsm əsərlərini tədbir iştirakçıları maraqla izlədilər. Şuşalı xanımların – Ləman Təhməzzadənin, Nigar Abdullayevanın, Vəsilə Ələkbərovanın, Türkan Cəfərovanın və Şahnaz Məmmədovanın hazırladıqları əl işləri də sərgiyə bir gözəllik qatdı. Mədəniyyət paytaxtı Şuşada fəaliyyət göstərən otellər, restoran, kafe və digər ictimai-iaşə obyektləri də şuşalıların bu sevincinə qoşuldu, tədbirdə qonaqlara və sakinlərə təqdim edilən xoş təamlar bir daha Azərbaycan xalqının qonaqpərvərliyini nümayiş etdirdi.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında təqdim edilən “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşası sakinlər tərəfindən alqışlarla qarşılandı.
Respublikanın incəsənət xadimlərinin və şuşalı sakinlərin birgə təqdim etdiyi konsert proqramı ilə tədbir davam etdi. Respublikanın Əməkdar artisti Mətanət İsgəndərlinin, Günay İmamverdiyevanın, Babək Quliyevin, Gülay Zeynallının, Anar Şuşalının, Ləman Təhməzzadənin, Mirhəmzə Ağayevin ifaları və F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının təqdim etdiyi rəqs nümunələri Şuşa şəhər sakinlərinin sevincinə, bayram əhval-ruhiyyəsinə öz töhfəsini verdi.
Tədbirin sonunda Şuşanın səmasını al-əlvan rənglərə boyayan böyük atəşfəşanlıq oldu.