Şuşada “Vaqif” Poeziya Günləri başlayıb

18.07.2024 - 10:22

Şuşada “Vaqif” Poeziya Günləri başlayıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində növbəti “Vaqif” Poeziya Günləri başlayıb.

İyulun 18-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə tədbirin açılış mərasimi olub. Açılış mərasimində dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimov, Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icracı direktoru Tural Novruzov, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər, eləcə də, ilk dəfə olaraq Şuşada yaşayan rayon sakinləri iştirak ediblər. Proqramda “Qarabağ kompozisiyası”, “Şuşanın dağları” və “Bura Vətəndir” musiqi əsərləri səsləndirilib.

Tədbir Xan qızı Xurşidbanu Natəvanın evinin qarşısında “Füzuli hücrələri” adlı kompozisiyanın təqdimatı  ilə davam edib. “Sözün Vətəni – Qarabağ” müasir poeziya saatı, etno-caz konserti tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Vaqif Poeziya Günləri Şuşa şəhərində iyulun 19-da da davam edəcək.

Xəbərlər