Şuşada Zəfərimizin 5 illiyi və Şuşa şəhər günü qeyd edildi.
Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də tarixi bir Zəfərə nail oldu. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri işğalçılardan azad edildi.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşa şəhərində Zəfərimizin 5 illiyi və Şuşa şəhər günü silsilə tədbirlərlə qeyd edildi.
Tədbirlərdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul əməkdaşları, şəhid ailələri və qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və Şuşa şəhər sakinləri iştirak edirdilər.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə məktəblilərin ifasında səslənən şeirlər, milli rəqslər, göstərilən səhnəciklər, Qarabağ Universitetinin dram dərnəyinin tələbələrinin təqdim etdiyi tamaşa alqışlarla qarşılandı.
“Güllü bağ” ərazisində şuşalıların əl işləri nümayiş etdirildi. Şuşada fəaliyyət göstərən otel və restoranların, sakinlərin hazırladığı dadlı təamlar, səslənən musiqi sədaları bayram təntənəsini daha da rəngarəng etdi.
“Şuşa” otelinin foyesində Şuşa sakinlərinin rəsm sərgisi hər kəsin marağına səbəb oldu. Sakinlərin təqdim etdiyi bayram konserti möhtəşəmliyi ilə yadda qaldı.
“8 Noyabr - Zəfərin təntənəsi” adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov tədbirdə çıxış edərək, bu möhtəşəm gün münasibətilə xalqımızı təbrik etdi.
Qarabağ Universitetinin tələbələrinin və Mədəniyyət Nazirliyinin xətti ilə davam edən bayram konserti Şuşa şəhər sakinlərinin sevincinə, bayram əhval-ruhiyyəsinə öz töhfəsini verdi.
Tədbirin sonunda Şuşanın səmasını al-əlvan rənglərə boyayan böyük atəşfəşanlıq oldu.