Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu keçirilir.
Oktyabrın 15-də Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Forum “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.
Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.
Forumda çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada böyük infrastruktur layihələrinin həyata keçirilməsindən, 2027-ci ilin əvvəlinə kimi 45 binanın tikilib təhvil verilməsindən danışaraq bildirib ki, sözügedən binaların artıq tikintisinə başlanılıb. 800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək.
Sonra Forum iştirakçıları Azərbaycanın tarixi və qədim diyarı Şuşa şəhərinin mərkəzi meydanı, qala divarları, Yuxarı Gövhərağa məscidi, Yeni Yaşayış Kompleksi ilə tanış olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.