Noyabrın 24-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Şuşada Türk dünyası memarlarının simpoziumu öz işinə başlayıb.
“Türk dünyası memarlarının Şuşa simpoziumu” Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar iştirak edir.
Simpoziumda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şuşanın tarixi və memarlığı ilə bağlı videoçarx nümayiş etdirildikdən sonra simpoziumun rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Şuşa uzun illərdən sonra 2020-ci ildə öz azadlığına və memarlıq tarixinə qovuşub. O, Azərbaycanın və 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtında təşkil edilən simpoziumun həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.
Şuşanın tarixi və memarlıq abidələri haqqında danışan xüsusi nümayəndə şəhərin Azərbaycan və Türk mədəniyyətləri üçün böyük əhəmiyyətini qeyd edib.
Aydın Kərimov bu simpoziumun Türk dünyası memarları üçün faydalı olacağına əminliyini ifadə edib, tədbirin birgə əməkdaşlıq, yeni ideya, fikir mübadiləsi baxımından önəmini vurğulayıb.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa həm də Türk dünyasının mədəniyyət beşiyi rolunu oynadığını diqqətə çatdıran Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib: “Harada anadan olmağımıza baxmayaraq, Şuşanın hər bir azərbaycanlının qəlbində yeri ayrıdır. İnanırıq ki, Türk dünyası memarlarını bir araya gətirən simpozium Şuşamızın daha da gözəlləşməsinə, memarlığının inkişafına öz töhfəsini verəcək.
Xidmət rəisi abidələrin monitorinqinin aparıldığını, bu prosesə 2021-ci ildən start verildiyini diqqətə çatdırıb. “Azərbaycana məxsus abidələrdə ermənilər tərəfindən aparılan saxta təsnifat əməlləri beynəlxalq konvensiyalara və hüquqlara ziddir. Bu kultursiddir. İnanırıq ki, istedadlı memarların tövsiyələri ilə Şuşanın siması daha da gözəlləşəcək. Düşünürəm ki, birgə işlərimiz çox olacaq. Qarabağın və Şərqi Zəngəzurun abidələrinin qorunması çox vacib məsələlərdəndir”, - deyə Səbinə Hacıyeva vurğulayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev bütün sahələr kimi, tarixi abidələrin, Azərbaycanın memarlıq irsinin qorunub saxlanılmasına xüsusi diqqət yetirirdi.
İçərişəhərə dövlət qoruğu statusunun Ulu Öndər tərəfindən 1977-ci ildə verildiyini xatırladan Ş.Seyidzadə qoruğun 21 hektardan çox ərazini əhatə etdiyini bildirib. O qeyd edib ki, qoruq ərazisinin 85 faizi abidələrdən ibarətdir.
Tarixi memarlıq irsinin qorunmasının vacibliyinə diqqət çəkən Ş.Seyidzadə bu məqsədlə qoruqda “Gənc bərpaçılar məktəbi”nin yaradıldığını bildirib. Onun sözlərinə görə, burada məqsəd müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparmaqdır.
“Düşünürəm ki, simpozium həm təcrübə mübadiləsi, həm də Türk memarlığının inkişafına öz töhfəsini verəcək”, - deyə Şahin Seyidzadə vurğulayıb.
Qeyd edilib ki, simpozium Türk dünyası memarlarının birgə əməkdaşlığı üçün çox gözəl başlanğıcdır. Türk memarlığının irsinin qorunması vacib məsələlərdəndir.
Türk memarlığının zəngin irsindən danışan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nuri Aksu Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın ev sahibliyi etdiyi beynəlxalq tədbirin əhəmiyyətindən danışaraq deyib: “Türk mədəniyyəti irsi çərçivəsində abidələrin həm bərpası, həm də gələcək nəsillərə ötürülməsi qarşıda əsas vəzifə kimi dayanır. UNESCO-nun 2018-ci ildə hazırlanan modeli bu baxımdan çox əhəmiyyətlidir”.
Nuri Aksu simpoziumun Türk memarlığının inkişafına, Türk mirasının qorunmasına töhfə verəcəyinə inandığını qeyd edib.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Türk memarlığından, Azərbaycan arxitekturasından danışaraq, zəngin memarlıq irsinın qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb.
Sonra Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan memarlar tarixi memarlıq abidələrinin bərpası və yenidən qurulması, tarixi mühitin abadlaşdırılması mövzularında təqdimatlarla çıxış ediblər.
Daha sonra simpozium iştirakçıları şəhərdə bərpası həyata keçirilən tarixi abidələr və məscidlər ilə tanış olublar. Onlara tarixi abidələrin bərpası ilə bağlı ətraflı məlumat verilib.
Simpoziumun ilk günündə “Turistlərin və sakinlərin abidələrə təsiri və bu proseslərin tənzimlənməsi” mövzusunda müzakirələr aparılıb. Çıxış edənlər öz ölkələrinin memarlıq ənənələrindən danışıb, Türk memarlığının inkişafı, tarixi abidələrin qorunub saxlanılması və bərpası ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, iki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri keçiriləcək.
Simpozium noyabrın 25-də işini davam etdirəcək.