Rabatda “Şuşa günləri” maraqlı və yaddaqalan gecə ilə yekunlaşıb

09.06.2024 - 16:00

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, ICESCO və Dövlət Turizm Agentliyinin dəstəyi ilə iyunun 7-də ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Şuşa günləri” tədbiri maraqlı və yaddaqalan gecə ilə yekunlaşıb. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov, Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli, ŞŞDQİ-nin icraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəliyin, qoruğun əməkdaşları, həmçinin müxtəlif ölkələrin Mərakeşdə akkreditə olunmuş səfirləri, İCESCO rəsmiləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın təqdim etdiyi fotolardan ibarət sərgiyə baxış olub. Burada Şuşanın tarixi keçmişini, müharibədən əvvəlki və sonrakı vəziyyətini bərpa-quruculuq, yenidənqurma işlərini, əsrarəngiz təbiətini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında məlumatlar verilib.

Sonra qonaqlara XVIII-XIX əsrlərə aid Qarabağ milli geyimləri nümayiş olunub, onların tarixi haqqında məlumat təqdim edilib.

Tədbirin kulinariya bölümündə qeyd olunub ki, Azərbaycanın milli mətbəxində unikal iqlim şərtləri və formalaşma tarixi ilə təkrarsız məhsulların coğrafiyası olan Qarabağ regionu, xüsusilə mədəniyyət beşiyimiz Şuşanın mətbəxi dünya qastronomiyasında özünəməxsus yer tutur. Şuşa mətbəxinin Mərakeş mətbəxi ilə ortaq tərəflərini tərənnüm edən menyu pip dolması, kabab büryan, firni, boyanalı aş, Qarabağ kətəsi, reyhan şərbətindən ibarət olmaqla hazırlanıb. Eləcə də təndir kimi milli bişirmə alətlərində təqdim olunan menyu Şuşanın qeyri-maddi mədəni irsindən ibarət mədəni proqramın bir hissəsi kimi nümayiş etdirilib. Şuşa mətbəx nümunələrini dadmaq şansı əldə edən qonaqlara, həmçinin ölkəmizin turistik qastronomiya marşrutları haqqında da məlumat verilib.


Qarabağımıza, Şuşamıza həsr edilən səyahət konsert proqramı ilə davam edib. Konsertdən əvvəl İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov çıxış edib, “Şuşa günləri”nin önəmindən, 30 il işğal altında qalmış tarixi şəhərin bu gün yenidən dirçəlməsindən, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərin hər birinin əhəmiyyətindən söz açıblar.


Daha sonra söz Azərbaycanın tanınmış incəsənət xadimlərinə verilib. Şuşamıza həsr olunan videoçarxın nümayişindən sonra təqdim olunan konsert proqramında Qarabağı, Şuşanı vəsf edən mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında milli rəqslərimiz ifa edilib.

News