Məntəqə haqqında məlumat
Cıdır düzü Şuşa şəhərinin cənub tərəfində 1300-1340 metr hündürlükdə yerləşən ən məşhur təbii abidələrindən və istirahət yerlərindən biridir. Cıdır – at çapılan və at yarışları keçirilən yerə deyilir. Qarabağ xanlığı yaranandan burada at yarışları, milli çovqan (çövkən) oyunları, Novruz şənlikləri, pəhləvanların, kəndirbazların çıxışları, ədəbi məclislər, tamaşalar, müxtəlif xarakterli dünyəvi və kütləvi tədbirlər keçirilib.
Cıdır düzündən üzbəüz istiqamətdə Topxana meşəsini, aşağıda Daşaltı dərəsini – kanyonunu, 200 metrdən artıq dərinlikdə dərənin dibi ilə gümüş kəmər kimi qıvrılıb axan Qarqar (Daşaltı) çayını, həmçinin ətrafda Üç mıx dağı, Ağzıyastı kaha, Xəznə qayası kimi mənzərəli yerləri görmək mümkündür. Şuşanın rəmzlərindən olan məşhur “Xarıbülbül” gülü də Cıdır düzü və ətrafında bitir. Burada qayaların üstü ilə dərəyə yalnız bir adamın enə biləcəyi “Qırxpilləkən” adlanan tarixi cığır var. Əks tərəfdəki sıldırımın sinəsində salınmış “Xan mağarası”, bəzən də “İbrahimxəlil xanın kahası” kimi tanınan İbrahim xanın sığınacağı vardır. Məlumatlara görə həmin saray-sığınacaq düşmən hücumundan müdafiə olunmaq, həm də xanın qiymətli əşyalarını gizlətmək üçün tikdirildiyi güman edilir. Qaya içindəki mağara-saray 1992-ci ildə şəhər işğal olunandan sonra ermənilər tərəfindən qismən dağıdılıb.
Cıdır düzü həm də məşhur “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının məkanı kimi tanınır. Bu festival məşhur şuşalı xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. O vaxtkı festivalda keçmiş SSRİ respublikalarının musiqi və folklor qrupları iştirak edərdi. Şuşada Cıdır düzündə işğaldan əvvəl sonuncu musiqi festivalı 1991-ci ildə keçirilib.
Ensiklopedik biliyə malik şuşalı alim Mir Möhsün Nəvvabın məzarı da Cıdır düzündə, sol tərəfdəki Mir Faseh qəbristanlığında yerləşir.
2020-ci ildə II Qarabağ müharibəsi zamanı Şuşanı azad etmək üçün Azərbaycan ordusunun igid əsgər və zabitləri bir neçə istiqamətdə piyada şəhərə daxil olmuşdur. Onlardan biri də bu gördüyünüz qayalıqlardır. Qayaların üzərində güllə izlərini görmək mümkündür.
Архитектурный памятник государственного значения. Инвентарный номер: 352
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142