Qız məktəbi

XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5019

Şuşa Qızlar məktəbinin digər adı Marinski Qadın Gimnaziyası olub, dünyəvi fənlər tədris edilirdi. Gimnaziyanı (məktəbi) 26 oktyabr 1875-cı ildə Şuşa Xeyriyyə Cəmiyyəti təsis edib. Məktəbdə dini etiqadından və mənşəyindən asılı olmayaraq bütün qızlar təhsil ala bilərdilər. Tədris planına oxu və yazı, hüsnxətt, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Məktəbdə təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad olunurdular. Əlavə təhsil haqqı verənlərə həm də fransız və alman dilləri keçilir, musiqi öyrədilirdi. Gimnastika valideynlərin arzusundan asılı olub, pulsuz keçirilirdi. Rus dili Konstantin Uşinskinin “Vətən dili”, hesab isə Vasili Yevtuşevskinin “Hesab məsələləri” kitabı əsasında tədris edilirdi.

Şuşa Qız məktəbi 1894-cü ildən dördsinifli gimnaziyaya çevrilib. 1901-ci il məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı yeddi nəfər olub. Sovet dövründə isə artıq bu binada oğlan və qızlar üçün internat-yataqxana tipli məktəb fəaliyyət göstərib. Qız məktəbi binası yerli əhəmiyyatli daşınmaz tarix və mədəniyyət abidəsidir. Şuşa şəhəri işğaldan azad ediləndən sonra binanın bərpası ilə əlaqədar layihələndirilmə işləri görülür.

Digər tarixi abidələr