Bulaq (Xan qızı)

XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5043

Bulaq Çöl Qala məhəlləsində yerləşir. Bulağın Şuşa şəhərinə çəkdirilməsi və abidənin tikdirilməsi xanın qızı Xurşidbanu Natəvanın təşəbbüsü və vəsaiti hesabına başa gəldiyinə görə “Xan qızı bulağı” adlandırılıb. Xurşidbanu Natəvan İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı, şairə və rəssam idi. Xurşidbanu Natəvan Şuşaya su çəkdirmək məqsədilə Şimali və Cənubi Azərbaycanın bir çox yerlərindən ustalar və mütəxəssislər dəvət edib. Suyun mənbəyi kimi şəhərdən təxminən 7,5 kilometr məsafədə yerləşən Sarıbaba dağının ətəklərindəki bulaqlar seçilib. Oradan Şuşadakı su anbarına qədər saxsı borularla kəmər çəkilib. Anbardan bulaq abidəsinə saxsı borularla su gətirilib. Ümumi iş 1,5 ilə başa çatdırılıb. Bulaq 18 avqust 1873-cü ildə istifadəyə verilib. Bulaq abidəsinin uzunluğu 15 m, eni 7m, hündürlüyü 4 metrdir.

Bulağın açılış mərasimi o dövrün “Qafqaz” və “Novoye obozreniye” adlı imperiya qəzetlərində geniş işıqlandırılmışdı. Şuşanın işğalına qədər Xan qızı bulağı həmişə işlək vəziyyətdə olub və şəhər əhalisinin içməli su ilə təminatında xüsusi rol oynayıb. SSRİ illərində bulaq abidəsinə bitişik divarlarda gözəl rəsmlər çəkilmiş, Natəvanın şeirlərindən misralar yazılmışdı. 8 may 1992-ci ildə şəhər işğal ediləndə rəsmlər, misralar yazılmış lövhələr atəşə tutularaq dağıdılıb və yandırılıb.

Şuşa işğaldan azad ediləndən sonra 2021-ci ildə bulaq bərpa edilib.

Digər tarixi abidələr