1872-ci ildə Çar Rusiyası dövründə inşa olunub
Şuşa həbsxanası – 1872-ci ildə Çar Rusiyası dövründə inşa olunub. Deyilənlərə görə həbsxananın tikilməsində xanqızı Xurşidbanu Natəvanın da xeyriyyə məqsədli rolu olub. Şuşa qalasının şimal-şərq istiqamətində yerləşən həbsxana binası qala divarları ilə əhatələnmiş xüsusi bir kompleks təşkil edir. Şəhərin üçüncü qapısı olan Ağoğlan qapısı XIX əsrdə həbsxana divarına birləşdirilmişdir. Ağoğlan qapısı günümüzə yalnız divarda taxça formasında gəlib çatmışdır. Həbsxana binası 19-cu əsrdən işğal dövrünə qədər həbsxana təyinatını icra etmişdi. İşğal dövründə də həm həbsxana, həm də hərbi girovların saxlandığı yer kimi fəaliyyət göstərmişdi. Həbsxana ilkin dövrlərdə 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulsa da, məlumatlara görə sonralar daha çox məhbus qəbul etməsi üçün kompleks əlavə tikililər hesabına xeyli genişləndirilib. Mənbələrin məlumatlarına görə həbsxananın 99 cəzaçəkmə kamerası olub. Bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı olub. Məhbuslar kameralara mühakimə olunduqları maddələrə uyğun bölüşdürülüb. Bəzi kameralarda 2,3, bəzilərində isə daha çox, məsələn, 30-40 nəfər məhbus saxlanılıb. Kişilərlə yanaşı, az sayda qadın məhkumlar da olub. Şuşa həbsxanası həm Rusiya imperiyası, həm də SSRİ dövründə ən dəhşətli həbsxanalardan biri sayılırdı. SSRİ dövründə bu həbsxana qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib və əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub. Buraya Sovet İttifaqının müxtəlif respublikalarından canilər gətirilib. Burada cinayət aləmində ad çıxarmış Korzubı Vaqif, Razboynik Çingiz, Malış Söhbət, Tengiz, Lotu Hikmət kimi nümayəndələr cəza çəkib. Şuşanın işğalına qədər həmin həbsxana Şuşa 1 nömrəli Həbs evi adlanıb. 8 may 1992-ci ildə şəhərin işğalı günü həbs evinin rəisi şəhərin işğalından bir neçə saat əvvəl şəhəri işğaldan qorumaqdan ötrü cəza çəkən 36 azərbaycanlı məhkumu sərbəst buraxaraq, onlara şəhərin müdafiəsində iştirak etməyi təklif edib. Buraxılan məhbuslar silah götürərək döyüşüblər, sonradan onların bir neçəsi göstərdiyi fədakarlığa görə əfv olunub, bəzilərinin isə cəzası azaldılıb. Şuşa uğrunda ən şiddətli döyüşlərdən biri həbsxana ərazisində olub və burada döyüş zamanı bir neçə hərbçi, mülki döyüşçü və həbsxananın da iki zabit əməkdaşı şəhid olub.
8 may 1992-ci ildə Şuşa şəhəri işğal olunandan bir müddət sonra işğalçı və separatçılar həbsxanadan əzəli təyinatına uyğun istifadə etməyə başlayıblar. O cümlədən azərbaycanlı əsir və girovlar da saxlanılıb və onlara dəhşətli işgəncələr verilib. Şuşa işğal altında olduğu dövrdə həbsxanadakı gizli hücrələrdə əslən azərbaycanlı Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev də saxlanılıb. Onlar öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistanın işğalçı Silahlı Qüvvələri tərəfindən girov götürülmüşdülər. Şuşa azad olunduqdan sonra, onlar da azadlığa nail oldular. Qeyd edək ki, həbsxana ərazisində 2020-ci ildən bəri bir neçə dəfə kütləvi məzarlıq aşkar edilib. Burada qalıqları tapılan azərbaycanlıların həbsxanada qeyri-insani şəraitdə saxlanıldıqları, bəzilərinin dəhşətli işgəncələr nəticəsində öldükləri, bəzilərinin isə birbaşa, qəsdən öldürüldükləri sübut edilib.
Həbsxananın muzey-abidə kimi təmir-bərpa nəzərdə tutulur.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142